Sənin üçün, Vətən…

(Mənsur şeir)

Lap uşaqlıqdan gözlərimin önündədi müharibə,
təkbaşına alman ordusuyla döyüşən
fransız həkimin obrazında…
…arvadı, qızı alman faşistlərinin
əlində can verən kişinin taleyində
lap uşaqlıq xatirələrimdə “Köhnə tüfəng” adlı film yaşayır…
Sən demə, adam təkbaşına da döyüşə bilərmiş
bir ölkəyə qarşı…
Bir ölkənin ordusundan daha güclüdü
bir cəngavərin ruhu
…lap uşaqlıq xatirimdədir müharibə…
toyundan 6 gün sonra dul qalan Sona
qarının gözlərində…
…lap dünənki, bugünkü, sabahkı günümdədir müharibə
Qarabağda itkin düşən əzizim Rəşadın yoxluğunda
…Həyət qapısında dayanıb yollara boylanan atanın
həsrətində,
İtkin düşən oğluna nişan kəlağayısı saxlayan ananın
ümidində…
Müharibə qəlbimdədir, ruhumdadır, qanımdadır
Eşitdiyim səsdə, söylədiyim sözdədir
Sənin savaşında, sənin varlığındadır
Savaşın utandırdı “Qəhrəmanlar tükəndi” deyənləri
Tükənməz cəngavərləri, minlərlə ərəbə qarşı
döyüşən Babəkin sümüyü qarışan torpaqda.
Tükənməz igidləri Mübarizin ölməz ruhu dolaşan
məmləkətimdə…
Sevəcək ellər qızılgüllər açanda
Ruhunun ətrini…
Qar yağanda qəlbinin saflığını…
yağış yer üzünə tökülən qanını yuyanda
…hər an, hər an xatırlayacaq səni
bu ellər…
rüzgar əsəndə son sözünü pıçıldayacaq:
“Sənin üçün vətən!”
Əfsus, torpağımız darda, yağı caynağında inlədikcə
ruhun pıçıldayacaq rüzgara:
“Üşüyürəm, xəzəl olmuş torpağı örtün üstümə…”
“Yazı “Kaspi” qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinə taqdim edilir”.

 

Yorum bırakın

Filed under ŞEİRLER

Haitidəki ruhuma…

Səni itirdim sonuncu dəfə Haitidəki zəlzələdə
Bunu ötən gün anladım…qar yağanda… işıqlarmız sönmüşdü
…şam işığında, soyuq otaqda üşüyəndə, donanda
Səni itirmək istəmirdim axı…
bunu soyuq otağımda yalqızlığa dalanda anladım
Amma o anda da yalqız deyildim ki…
Tanrım ürəyimin içində idi, başımın üstündə,
sağ çiynimdə, sol çiynimdə…
sən isə çox uzaqlarda…
başqasına baxırdı mənə dikilmiş baxışların…başqasına…
nə vaxt qədrimi bildin ki…
Əzrayıla da mənə baxdığın kimi baxırdın…
Yox… yox yalqız idim, tənha deyildim ki…
Hə, səni itirmişdim sonuncu dəfə Haitidəki zəlzələdə…
Heç bilmirəm sən ora hardan gedib çıxmışdın?
Bəlkə də səni Əzrayıl çağırmışdı…
Yazıq neyləsin, adamların ardınca tək-tək getməkdən bezib…
Kim nə dedi, kim nə yazdı bilmədim…
sənin getdiyini bildim, yoxluğunu anlayınca…
Qayıt deməyəcəm…
…Yaxşı yol sənə…
Səni itirdim sonuncu dəfə…
İtirdim əllərini… əllərim uzalı qalıb… sən də itirdin əllərini…
yaxşı ki, ölmüsən, yoxsa səni kim yedirdəcəkdi?
İkinci mərtəbədən düşən ağır mebellərin altında qalıb
xıncım-xıncım olmuşdu qolların…
Ayaqların qalmışdı hamilə qadının altnda
Elə ağrıyırdın, elə inləyirdin ki..-
bunu uhun dedi mənə…sənin ürəyində qalanları…
Alnına yazılmışdı günahların
…Bir də saçların dağılmışdı alnına
Uzun barmaqlarınla geri çək saçlarını yenə də…
Səni itirdim sonuncu dəfə Haitidəki zəlzələdə
…ruhun didrəgin idi fəzada, qarğalar tək dolaşırdı…
Ruhun qarğaya çevrilib
həyətimizdəki əzgil ağacına qonanda sevindim
Qarğalar insanlara qar müjdəsi gətirirlər…

Qar… qar… qar ağappaq, yumşaq, soyuq, sevimli…
Sənin kim…
Uçur göylərdə ruhun kimi…
hara enəcəyinin fərqində deyil eşqin kimi…
Haitidə havalar istidi… qəlbim kimi… hər şey dağılıb, insanlar dağıntıların altında qalıb, ölüblər… qəlbim kimi…
ölülərin çoxunu basdırıblar.
Hələ də dağıntıların altında
Yaxınlarını itirən, doğmalarından uzaq düşən ölülər
istidən və kimsəsizlikdən əziyyət çəkir… qəlbim kimi…
Dağıntılar altında qalan meyitin əziyyət çəkir…
tənhalıqdan… sevgim kimi…
qurtulmamaq qorxusundan ruhum kimi…

 

Yorum bırakın

Filed under ŞEİRLER

Mahir Cavadov: «Laçın Cavadov şəhid olub»

Mahir Cavadov: “Xalqımı İsa Qəmbəri və onun ətrafını baykot etməyə çağırıram”
Şəkilaltı söz: Azərbaycanın bugünkü acınacaqlı vəziyyəti deyir ki, o vaxtlar mən haqlı idim, Rövşən Cavadov yox

Avstriyada mühacir həyatı yaşayan Mahir Cavadovla müsahibəmizdə bu günkü həyatımızın ən ağır məqamlarına toxunmuşuq. Nəzərnizə çatdıraq ki müsahibəni elektron poçt vasitəsilə almışıq. Müsahibədə çoxlu mübahisə doğuran məqamlar var. Ancaq biz onlara toxunmadıq. Çünki bu, Mahir Cavadovun fikirləridir. Onunla mübahisə etmək istəyənlərə də yer ayırmağa hazırıq. Səhifədə gördüyünüz şəkli isə məhz Mahir Cavadovun istəyi ilə verdik.

– Hazırda harada yşayırsınız və nə işlə məşğulsunuz?
– Avstriyanın Zalzburg şəhərində yaşyıram. Bura gəldiyim ilk günlərdən əsas iki işlə məşğul oluram. Bunlardan birincisi Vətənimə təhlükəsiz qayıtmaq və Azərbaycanda hazırkı iqtidar rejiminə qarşı mübarizə yollarını aramaqdan ibarətdir. İkinci işim isə mühacirət etmiş soydaşlarımıza yardım göstərməkdir. Hazırda Norveçdən siyasi-sığınacaq istəmiş soydaşımız Hacalı Salayevin işləri, yəni yerləşməsi ilə məşğulam. O, Azərbaycandakı real siyasi problemlərini Norveç rəsmlərinə çatdıra bilmədiyindən hələ də sığıncaq ala bilməyib.
– Avstryiyada Azərbaycanı xatırladan hansı oxşarlıqlar var?
– Burada Azərbaycanı mənə daha çox dağlar xatırladır. Bu dağlar bizim Laçın, Qarabağ dağlarına çox bənzəyir. Əsasən də dağlar qoynundakı talalar.
– Tez-tezmi yaşadığınız ölkə ilə Vətənimizi müqayisə edirsiniz?
– Əlbəttə ki, Avstriyanı Azərbaycanla hər sahədə müqayisə edirəm. Müqayisə zamanı Avstriyanın Azərbaycandan fərqli olaraq, təbii sərvətlər baxımından kasıb bir ərazidə yerləşdiyini görürəm. Buna baxmayaraq, Avstriya varlı ölkədir, Azərbycan isə kasıb. Bunu isə  Azərbaycandan fərqli olaraq Avstriyada düzgün siyasi sistemin olması ilə izah edə bilərəm.
– Bu gün də Azərbycandan qaçmaq istəyənlər çoxdur. Burada fikirləşirlər ki, Azərbaycandan çıxıb xarici ölkələrə üz tutan kimi bütün problemlər yox olacaq. Qarşıda isə səni xoşbəxt, firavan həyat qarşılaycaq. Bu fikirdə olan soydaşlarımıza məsləhətiniz nədir?
– Əvvəlcə deyim ki, Azərbycanda 5 problemlə üzləşən insan xarici ölkədə 50 problemlə üzləşəcək. Çünki burada hər gələnə dərhal sərbəstlik verilmir. Yaxşı halda o, ən azı 3 il ümumi düşərgədə yaşamalıdır. Burda elələri var ki, 5-6 ildir qaçqınlar düşərgəsində qalmaqdadır və onların bu çətin yaşayışının sonu görünmür. Təcrübə göstərir ki, Azərbaycanda problemlərdən qaçanlar burada nəinki rahatlıq tapacaqlar, üstəlik öz milli mənəviyyatlarını da itirəcəklər. Xaricə qaçanlardan daha çox Vətəndə qalıb çətinliklərlə, hakimiyyətə qarşı mübarizə aparanların gələcəyi şanslıdır.
– Bəs elə isə Siz özünüz niyə Azərbycanda qalıb hakmiyyətlə mübarizə aparmadınız?
– 1995-ci il mart hadisələrindən sonra mən Avstriyaya siyasi sığınacaq almaq məqsədi ilə deyil, burada oxuyan yeganə oğlum Maqsudla görüşmək üçün gizli və başqa adla gəlmişdim. Çünki məni öldürmək məqsədilə İnterpolda rəsmi şəkildə axtarırdılar. Muzdlu qatillərin köməyi ilə qeyri-rəsmi şəkildə təqib olunurdum. Oğlumla görüşüb mübarizə aparmaq məqsədilə geri qayıtmaq istəyirdim. Ancaq Avstriya polisi məni tanıyıb əhatəyə aldığı üçün bunu edə bilmədim. Məcbur olub burada siyasi sığınacaq istədim. Əks halda, Avstriyaya qeyri-qanuni gəldiyim üçün həbs edilib Azərbaycan iqtidarına təhvil verilə bilərdim.
– 1994-cü ilin oktyabr hadisələrinin prezident iqamətgahı qarşısında mərhum R.Cavadovun barışıq sonluqlu çıxışından sonra 1995-ci ilin martında qətiyyət göstərilməməsinin səbəbini necə izah edə bilərsiniz?
– Əfsuslar olsun ki, Azərbaycanda bizimlə bağlı 1994-1995-ci il hadisələri, sadəcə, “ağ-qara” deyil. O hadisələrin arxasında bir çox amillər dayanırdı. Onları saysam, bu yazı müsahibə çərçivəsindən kənara çıxacaq. Ona görə də aşağıdakı faktlarla kifayətlənirəm.
O zamanlar əgər yadınızdadırsa, “tərafdar” anlayışından kənar bizim çağrışımıza ancaq 2 min insan, Əliyevlərin səsinə isə 8 milyonluq Azərbaycan xalqı cavab verirdi. Bu məqamları o vaxt evdə oturanlara da aid edirəm. Yəni Rövşən Cavadov o vaxtlar Əliyevlərlə barışmamamışdı, xalqımızın o vaxtkı səhv qərarı ilə razılşmağa məcbur olmuşdu. Çünki əks halda, işin qaydasına görə, Rövşən Cavadov o vaxtlar Əliyevləri məğlub etmək üçün əvvəl onları dəstəkləyən əksəriyyəti əzməli idi. O cür vəziyyətdə gərək “kim bizimlə deyil, bizim əleyhimizədir” prinsipini rəhbər tutaraq hərəkət edəsən. Mən buna hazır idim, o, isə yox. Azərbaycanın bu günkü acınacaqlı vəziyyəti deyir ki, o vaxtlar mən haqlı idim, Rövşən Cavadov yox. Ancaq nəzərə alın ki, onda Rövşən mənim mövqeyimlə razılaşsaydı, əzilənlər arasında sizin kimilər, sizin yaxınlarınız da ola bilərdi. Rövşən deyirdi ki, haqlı olmağımızı 8 milyona izah etmək bizim üçün çətindir. Axı bizim qarşı tərəf qədər geniş imkanlarımız yox idi. Rövşən təsəlli tapırdı ki, qarşı tərəf Qarabağımızın azad edilməsində bizə yaxından kömək edəcəkdir. Demək istəyirəm ki, R.Cavadovun 1994-1995-ci il hadisələri zamanı hərəkətləri qətiyyətsizlikdən deyil, qətiyyətdən irəli gələn məqam idi. Yəni Rövşən Cavadov tam anlağlı vəziyyətdə özünü xalqımıza qurban verdi.
– İllər ötdükcə bu hadisələrə münasibətiniz və baxışınız dəyişibmi, peşşman olmamısınış ki?
– Xeyr dəyişmir. Çünki o hadisələrin faktları dəyişə bilməz. Mən R.Cavadovun 1994-cü il oktyabr hadisəsindən əvvəl Azərbaycan mətbuatında çap edilən bəynatlarını nəzərdə tuturam. 27.09.1994-cü il tarixdə ANS vasitəsilə yaydığı bəyanatda deyilirdi ki, Qarabağ müharibəsinə bizim tərəfmizdən cəlb edilən çeçen əsgərlərimiz həbs edilib. Onlara işgəncə verirlər ki, Rövşən Cavadova qarşı ifadə  alınsın. Bu təxribatın qarşısını mən aldığımdan onların həbsi mümkün olmadı. Bunu başa düşən kimi mənim həbsimə qərar verildi. Ancaq bu da alınmadı. Çünki 1994-cü il oktyabırın 1-də məni Respublika Prokurorluğuna çağırıb həbs etmək istədikdə, mən özümü müdafiə edə bildim. Yəni mən R.Cavadovu və OMON-nu müdafiə etdiyim üçün özümü zərbə altına qoymuşam. Həm də mən o cür hərəkət edib onları ictimayyətə tanıtmasaydım, bütün OMON üzvlərinin hamısını gizlicə məhv edəcəkdilər.
– Bəziləri Sizin fəaliyyətinizin zəifləməsinin səbəbini mərhum Laçın Cavadovun qəfil ölümü ilə bağlayır. Doğrudanmı, bu faciə Sizi geri çəkilməyə məcbur etdi, yoxsa başqa səbəblər ortaya çıxdı? Bir sözlə taleyin Cavadovlar ailəsinə bəxş etdiyi bu aqibətlə barışa bildinizmi?
– Laçın Cavadov sağlığında deyirdi ki, əgər ölmək lazım gələrsə, mən ancaq Vətənimiz uğurunda həlak olmaq istərdim. Elə istədiyi kim də oldu. Laçın Cavadov Vətənimiz uğurunda gedən müharibənin ən çətin cəbhəsində, gizli cəbhədə əsgər kimi həlak oldu.  Laçının belə xaincəsinə öldürülməsi ilə nəinki mən, hətta hakimiyyət tərəfdarları da barışa bilmədilər.
– İrandakı fəaliyyətinizdən indiki nə ilə fərqlənir?
–  Avstriyada da İranda olduğu eyni cür siyasi fəaliyyətlə məşğul oluram. Ancaq Avstriya İran kimi Azərbaycanla həmsərhəd olmadığı üçün mətbuat mənim indiki fəaliyyətimi görə bilmir. Ancaq hakimiyyət mənim Avstriyada gördüyüm bütün işləri elə İranda gördüyüm işlər kimi vaxtında hiss edir. Odur ki, keçmiş daxili işlər naziri İsgəndər Həmidovu, Avropada siyasi-sığıncaq almış polkovnik İsa Sadıqovu  mənə qarşı qoymağa çalışırlar.
– Sizin indiki Azərbaycan müxalifətinə münsibətiniz necədir?
– Azərbaycanda müxalifət liderləri adı ilə ortada olanları ancaq iqtidarın demokratik dekorasiyası kimi qiymətləndirirəm. Onların vəzifəsi qəzet səhifələrində iqtidarı çox cəsarətlə tənqid edib, xalqımızı onların təşkil etdiyi saxta siyasi seçkilərdə iştiraka səsləməkdən ibarətdir. Yəni bu, onlardan cəsarət tələb etmir. Çünki müxalifət liderlərinin bu cür fəaliyyəti iqtidara sərf edir.
– Ancaq zamanında Siz də müxalifəti dəstəkləmişdiniz. Musavat Partiyası ilə əməkdaşlıq etmək fikriniz var idi. İndi də bu fikirdəsinizmi?
– Musavat Partiyasının sıravi üzvləri ilə həmişə əməkdaşlıq etmişəm və edirəm. Ancaq Musavatın hazırkı rəhbərliyi ilə əməkdaşlıq etmək fikrində deyiləm.
– Müsavatda hazırkı rəhbərlik elə Sizin də vaxtilə dəstəklədiyiniz rəhbərlikdir axı…
– İndii vəziyyət elədir ki, mən xalqımızı Musavat Partiyasını bu partiyanın rəhbərliyində olanların əsarətindən xilas etməyə çağırıram. Bunun üçün İsa Qəmbəri və onun ətrafını baykot etməyi təklif edirəm.
– Azərbaycan hüquq-mühafizə orqanları dəfələrlə Avstriyanın hüquq-mühfizə orqanlarına Sizin ekstradsiyanız barədə müraciət ediblər. Hətta Avstriyanın baş prokuroru ölkəmizdə səfərdə olarkən bu barədə ona da müraciət edlib. Sizcə, nə vaxtsa onların bu istəyi təmin olunacaqmı?
– Ekstrdisiya məsələsi mənim üçün 1995-ci ildən bəri aktual deyil. Çünki mən məsələnin həm hüquqi, həm də siyasi tərəfini elə o vaxtlar birdəfəlik həll etmişəm. Avstriya Respublikasının qərarının sonunda yazılıb: “Bu qərar sonuncudur və ondan şikayət qəbul edilmir”. Qərarın bu variantı ilə Azərbaycan iqtidarını artıq tanış ediblər. Görünür, Dzerjinskinin bu davamçıları genetik olaraq hüquqi düşüncəyə malik olmadıqlarından Avstriya Prokuroruna bu cür qeyri-etik müraciət ediblər. Bu qərara əsasən mən Avstriya dövlətinin qonağı hesab edilirəm və mənim bu ölkədə toxunulmazlığımdan başqa həm də burada müddətsiz yaşamaq haqqım var. Avstriyada bu qərarı heç kim poza bilməz.
– Azərbaycanda baş verən hadisələri necə, izləyə bilirsinizmi?
– Vətənimizdə baş verən bütün məlum və gizli hadisələrdən xəbər tutmaq imkanındayam. Azərbaycanda baş vermiş və hazırda baş verən, baş verə biləcək hadisələr mənə indi tam aydındır.
– «OMON»-un taleyi ilə maraqlanırsınızmı?
– Həmişə keçmiş «OMON»-un üzvlərinin taleyi ilə maraqlanıram. Amma 1995-ci il mart hadisələrindən sonra onlar mənimlə maraqlanmayıblar. O hadisələr zamanı mənə tabe olub özlərini müdafiə etməyiblər. Görünür, keçmiş «OMON»-çular hələ də anlamayıblar ki, onların taleyi mənim taleyimə bağlıdır. Onlar bu həyatda hər şeyə mən Azərbaycana qayıtdıqdan sonra nail ola biləcəklər. Əks halda onalr indiki ağır durumlarından ömürlərinin axırına qədər çıxa bilməyəcəklər.
– Onların ağır vəziyyətdə olduğunu deyirsiniz. Amma Siz isə, özünüzün də dediyiniz kimi, Avstirayada toxunulmaz və müddətsiz yaşamaq haqqı almısınız…
– Xeyr. Əslində 1995-ci il hadisələrindən sonra Avropada siyasi sığnacaq almağımla onların tam günahsız olduqlarını sübut etdim. Avropa İttifaqının Parlament Assambleyasının «OMON»-çuları siyasi məhbus kimi tanıması da mənim uğurumdur.
– İnsan hər zaman günahlarının bağışlanması üçün dua etməlidir. Siz ibadət edirsinizmi?
– Bəli, ibadət edirəm. İbadət Allahın əmridir. Ancaq o əmri Allah hər kəsə layiq bilmir.


 

Yorum bırakın

Filed under MÜSAHİBƏLƏR

Mətbuatmızın Novruzəlisi Seymur Baycana

Ona həmişə yazığım gəlib. Hansısa qəzetdə, saytda qəfil yazısına rast gələndə nədənsə kövrəlmişəm. Gözlərimin önündə lap uzaqlardan, indi yarısı işğal altında olan Füzulidən boylanan yazıq, miskin bir uşaq canlanıb.

***

Onu Novruzəli adlandırmağımın da səbəbi var. Bu adam böyük olmağa can atsa da uşaqlıqdan aldığı travma  onu ali hislərə köklənməyə qoymayıb. O, həyatın dibində uşaqlıqdan oynadığı zibillikdən kənara çıxa bilməyib. Bu zibillik xatirələri daima onun fikirlərini məşğul edib. Bunu bilməyə nə var. Axı nə yazırsa- yazsın, Seymurun cızma-qaralarından həmişə zibilliyin qoxusu gəlib.

Tez-tez yazılarında “Hansı həyətdə yuyulmuş, təmiz paltar görsəniz, bilin ki, orda rus qadını yaşayır. Hansı həyətdə çiçək əkildiyini görsəniz, bilin orda rus qadını yaşayır” kimi cılız ifadələrin səslənməsinə də acı uşaqlıq xatirələri səbəb olub.

Təsəvvür edin ki, bu adam XXI əsrdə təmiz, ağ paltarın həsrətini çəkir. Doğrudan ağlamalıdır, lap hind kinoları kimi. Hə, Seymuru bəzən hind kinolarında həmişə baş rollarda yer alan Şaşi Kapura bənzətmişəm. Toppuş sifətindən (Seymurun şəklini ilk dəfə qəzetdə görən balaca Əli sevinclə “ana, bu , telepuzikdir?” dedi. Doğrudan, maraqlı tapıntıdır. Əliyə halal olsun!) yazıqlıq yağan bu tipin bircə arzusu var-doyunca yemək və qonşuların həyətinə yuyulub sərilmiş təmiz paltarlara həsədlə baxıb köks ötürmək. Yazılarında dayanmadan yeyən Seymur bununla gözünün qurdunu öldürməyə çalışır. Hiss olunur ki, o, balaca vaxtı qonşu Natalya xalanın uşaqlarının yediyi dadlı piroqlara baxıb o qədər ağzının suyunu axıdıb… indi o boşluğun yerini 7 pors yeməklə də doldura bilmir.

“Tanrı onları Tükəzbanla cəzalandırıb”. Bu sözləri də Seymur boş yerə demir. Azərbaycan kişilərini nəzərdə tutur o. Guya bütün Azərbaycan qadınları Tükəzbandır. Savadlısı da, ingilis dilini biləni də. “Elə ən dəhşətlisi də bu ingilis dilini bilən Tükəzbandır”. Seymur ingilis dilini bilmir, heç kompyuterdə yazmağı da bacarmır. Amma ingilis dilini bilib, kompyuterdə yazmağı bacaran, həm evdə, həm işdə çalışıb, ailəsini dolandıran qadınlara yuxarıdan aşağı baxır. Təbii ki, xəyalında yenə də o zibillik və o zibilliyin üfunət qoxusu. O, lap Patrik Ziskundun “Ətriyyatçı” romanınındakı mühiti xatırladır. Zibil iyindən boğulan o, zavallı təmiz hava axtarır.

Daha sonra mətbuatmızın Novruzəlisi tanınmışlarımızın adını çəkir və onların qeyri-millətdən evlənmələrini alqışlayır. Düz deyirsən, bizim bəzi məşhurlarımız bəyənib öz millətindən evlənmədilər. Amma Tanrı da onları pis cəzalandırmadı. O, məşhurlardan biri, deyilənlərə görə, öz ana dilində danışmağı da evində qadağan edibmiş. Hətta doğmaca qardaşı ilə salam-kəlamı da məhz bu dil məsələsinə görə kəsibmiş. Yarı erməni, yarı gürcü olan qadınla evlənən bu korifey sənətçimizin yeganə qız övladı sonralar Türkiyədə atasının xatirəsini yaxşıca “əbədiləşdirdi”-gecəsi 100 dollara. Allah bərəkət versin! Seymur, bu da sənin bonusun.
O ki, qaldı Üzeyir Hacıbəyov və Həsən bəy Zərdabiyə, onlar hər ikisi müsəlman, eyni zamanda türk qadınları ilə evlənmişdilər.

Amma yeri gəlmişkən, Novruzəli, bu təkcə sənin dərdin deyil, elə tükəzbanlarımız da sənin kimi novruzəlilərdən qaçır:

Xandostu, amandı, qoyma gəldi.
Girdarı yamandı, qoyma, gəldi.

Allah rəhmət eləsin, qeyrətli azərbaycanlı Mirzə Ələkbər Sabirə.
Bu yazını yazmağıma isə Seymura qəlbimdə olan mərhəmət hissindən də çox onun “Reytinq” qəzetindəki (11 aprel 2010) “Tükəzban-3” yazısı səbəb oldu. Doğrusu, yazını oxuyandan rahatsızam, Seymura necə kömək etməyi düşünürəm. Görün bu adam nə günə qalıb ki, hələ deyir 10 dəfə də bu mövzudan yazacam. Doğrusu, deyim ki, bir ara mən də yekəqarın, bütün həyata marağı ancaq yeyib- içməkdən ibarət olan, qadınlarmıza yuxarıdan aşağı baxıb, üstəlik möhkəm qısqanan, amma yüz kişi ilə yatağa girən rus qadınını görəndə ağzının suyunu axıdan bəzi mənasız Azərbaycan kişilərindən yazmaq istəyirdim. Amma baxıb gördüm ki, yox, insanların şəxsi problemləri bir-birini anlamaması nə millətlərin, nə də fərdlərin, cinslərin problemidir, bu, əslində əsrlərin bəşəri problemidir.

Seymur nədənsə bu problemi tam qərəzli şəkildə ortaya qoyur və sonda fikrini çox gülünc bir faktla əsaslandırmağa çalışır. Hansısa tanışlıq saytından bir qızın fikirləri ilə yazısına son qoyur və bunu Tükəzbanların ümumiləşmiş fikri kimi göstərməyə çalışır. Bu isə ümumilikdə zəif alınmış yazını gülünc vəziyyətə qoyur. Guya cadu elətdirmək, falçıya getmək ancaq tükəzbanların işidir. Amma bir dəfə Novruzəli qardaşımız 28 Mayda yerləşən Müqəddəs Məryəm Ana kilsəsinə üz tutsaydı, o zaman orada sevimli Nataliya xalalarının ciblərinə basdığı dür –düyünü də, cadu-pitiyi də görərdi. Odur ki, məndən sənə əmanət, Seymur, yazı yazanda o mövzunu bir balaca araşdır. Ondan- bundan eşitdiyini qəzet səhfəsinə çıxarma, bu, intellekt deyil,  səviyyəsiz, məntiqsiz küçə qadınlarının qeybətidir. Sənin bu tənbəlliyin bütün yaradıcılığını təkrarlardan ibarət söz yığınına çevrib. Nə isə, sənə çox yazığım gəlir, lap çox.


 

Yorum bırakın

Filed under KÖŞƏ YAZILARM

Böyük sevgilərin son məkanı – Tramvatologiya xəstəxanası…


Hər şey bitdi…
Və sən gəldin.
Bütün itənlər və
Bitənlər nə qədər mənasızmış
Yaşanacaq ən böyük sevgilərin,
Gözəlliklərin başlanğıcı sən
Bu böyük nəhayətsiz
Sevgi dünyasında
Uçmağa qanadlarım sən
Axx nə yaxşı ki, gəldin
Nə yaxşı, nə yaxşı.
Mənim xilaskarım…
Eyvah burda dayan!!
Heç nə əbədi deyil
Elə sən də
Məni mənasız yerə
Havaya qaldıran qanadlarım da
Qəfil gələn fırtına kimi
Qəfil də gedəcək bu sevgi
O zaman uçduğun
…və qərara tutduğun
Məkandan öncəki yerinə qayıtmalı olacaqsan
Onda…sənə qanad gərək olacaq.
Və qəfil görəcəksən qanad da yoxdur
Aman bir az ehtiyatlı ol
…vay-vay öldüm, itdim, bitdim
Və son…
…bütün böyük sevgilərin
Son məkanı tramvatologiya xəstəxanası
ətrafdakılar təcrübəyə gəlmiş
gələcək sınıq-salxaq həkimləri-tramvotoloqlar
yaxın gəlin! Diqqətlə baxın sınıq necə ağrıyır.
İnsan nədən və necə sınır

Yorum bırakın

Filed under ŞEİRLER

AY


Gecə yarı,
Ay bütöv.
Hamı yatıb,
Mən oyaq.
Gecə yarı,
Ay tənha.
Mənsə sənlə baş-başa…

Yorum bırakın

Filed under ŞEİRLER

Səni unudacam


Səni unudacam,
Kitabxanada unutduğum kitabım, qələmim kimi,
Səni unudacam,
Doğma evimizə gedən yollarımız kimi.
Səni unudacam,
Dəniz kənarında unutduğum çətirim kim.
Evdə yaddan çıxıb qalan telefonum kimi.
Səni unudacam,
Bütün unutduqlarım kimi.
Səni unudacam,
Bir daha geri qayıdıb götürməmək,
Və “heyf itirdim” yanğısını yaşamamaq şərtilə.
Səni unudacam,
Bütün ağrı-acılarım, olub keçən faicələrim kimi.
Səni unudacam,
Yaşanmış və heç zaman yaşanmayacaq o böyük sevgim kimi.
Səni unudacam, unudacam deyirəm!
İnanmırsan? Bütün məni tanıyanlar bilir,
Yaddaşsızam axı.

Yorum bırakın

Filed under ŞEİRLER

Yurdsuzluq…

(Evi, yurd yeri acgöz məmurların qurbanına çevrilən, bütün azərbaycanlılara ittihaf edirəm)

…ensiz pəncərədən çölə baxırdı. Gördüyü nə varsa hamısı uzaqda idi. Lap uzaqlarda… lap uzaqlarda… yerində qaxılıb qalmışdı.

Yataqdan qalxmağa qorxurdu, qorxurdu ki… eyni hissləri yaşamaqdan bezmişdi.

Birdən canına üşütmə düşdü. Onların qorxusundan pəncərədən çölə baxa bilmirdi. Onları çox istəyirdi və bu istəyin səbəbini axtarırdı. Bu qara, qapqara qarğaları ona nə bağlayırdı? Bax, bu bağlılıq onu qorxudrdu. Sirli idi, səbəbini tapmırdı ki, tapmırdı.

Hara qaçsın… əşşi cəhənnəm olsun. Yəqin hamısı qocalıqdandı, təklikdəndi…

Özünü qınadı, gör nədən qorxuram, gör nədən qaçıram.

Qalxıb geyinmək istəyəndə yadına düşdü ki bütün paltarları əynindədi. Elə paltarlı yatmışdı. Hətta corabları da ayağındaydı. Bu anda qarısı yadına düşdü. Sağ olsaydı, qoyradımı o, corabla yatsın. Deyirdi ki corabla yatma, pis yuxu görərsən.

Yəqin elə ona görədi axır vaxtlar yaxşı yuxu da görmür.

Keçən il bu evə qovulandan iki gün sonra dünyadan getdi qarı. Elə iri, qara, dərin çuxura batmış gözlərini yerə dikib qalmışdı.

Elə bil divralardan, qapıdan hər şeydən qorxurdu bu evdə. Qorxurdu, baxışlarını qaldırar və bu evi görər. Həmin anda qocanın ağlına gəldi ki, qarının evə bu yadlığı uzun çəkməyəcək. Evlə qarını bir-birindən nəsə ayırcaq.

Ürəyində azacıq ümid işığı da közərdi…o anda da söndü. Ümid ediləsi heç nə qalmamışdı.

…O səhər lap dəhşətli idi. Yuxudan oyananda qarısını yanında yatmış gördü. Əlini uzadıb çağırmaq istəyəndə elə bil daşa toxundu, soyuq bumbuz daşa.
… Adam nə qədər ora- bura qaçar. Bəsdi tay…

Bəs oldu…

Ötən il bu evə qovulandan… yox ondan da qabaq…o biri evə qovulandan.. yox-yox ondan da qabaq….tfu lənət sənə..

Bu qarğalar hara yoxa çıxdı? Qulağına bu dəfə qarğaların səsi lap uzaqdan gəldi. Bu nə qəribə səs idi.

Heç düz-əməlli qarğa səsinə də oxşamırdı. Bu səs ona təkcə qarısının son səsini- o xırıtlı səsini xatılatmırdı. Elə bil bütün ömrünün simfoniyası səslənirdi.

Hə o gecə bu səsə diksinsə də çönüb qarsına baxmamışdı. Niyəliyini indi də ayırdı edə bilmirid.

Hə qarğalar başqa cür qarıldayırlar, sanki qarıldamırlar, xırıldayırdılar. Qəfil ağlına girdi ki, onlar da sabah… ya indi…

Amma bu fikrə sevinmədi. Axı o, sonuncu doğmalrını da ..

Pəncərədən çölə baxdı, yenə yaxınlıqdakı zibllikdə selofonlar göydə uçurdu, hara düşəcəklərini bilmirdilər, bunu külək müəyyənləşdirəcəkdi.

Ötən il evləri “plana düşdü”. Evlərini söküb, yerində kimsə özünə hündürmərtəbəli bina tikəcəkdi.

Hamını qovdular, and içdi ki, heç kəs məni evimdəın çıxara bilməz. Amma qonşular köçrüldükcə tək qaldı…

Yenə sözünə sadiq qaldı, işığın kəsdilər, qaranlıq da vecinə olmadı. Oğul itkisindən ağır deyildi ki…

Qazı kəsdilər, “acından ölmərəm, soyuqdan donmaram” deyib evdə nə var hamısna bürünüb titrəyən vücudunu qızdırmağı da bacardı.
Suyu kəsdilər, yolu keçib uzaq yerdən su daşıdı.

Bir gün onun bu zülmünə də “son qoydular”. Evini buldozerə verəndə oğlunun, müharibədə itkin düşən oğlunun şəkillərini də götürməyə imkan v ermədilər.

…Qarğaların xırıltısı ərşə bülənd olmuşdu. Bədəninə üşütmə düşürdü.

İki il öncə tikilən evin divarlarından su sızırdı. Onu bura gözünün qabağında buldozerlə dağıtdıqları evinin əvəzində vermişdilər. O, evdə əzizlərinin şəkilləri, yadigarları da dağıdılmışdı, nənəsindən qalma qədim xalı ilə birlikdə.

Amma onu bu dəhşətli mənzərəyə baxmaq zülmündən də vaxtında “xilas etmişdilər”. Ona tərəf gələn qızıldiş, yekəqarın polisin alnına vurduğu yumruqdan polis şöbəsində ayılmışdı. Onu yenidən “ağıllandırmışdılar”.

Bu dəfə təzə mənzilində huşu özünə gəlmişdi. Başının üstündə dayanan qarısını görəndə qəfil evi uçrulanda onun harda olduğunu və nə etdiyin xatırlamaq istəsə də bunu bacarmamışdı.

Ürəyi partlayırdı. Axı onu sıxan nədir belə?

Uzaqdan, lap uzaqdan ötən il qəbiristanlıq, qəbir daşları görünürdü, indi qəbiristanlığı da şumlayırdılar. Deyirdilər ki, burda yeni idman kompleksi salacaqlar.
Qarğaların səsi ərşə bülənd olmudu.

Otaqda bankada qalan sudan bir qurtum içdi. Tənbəl-tənbəl çölə çıxdı.

Yenə tikintinin səsi aləmi başına götürmüşdü. Amma başqa səs də qarışmışdı bu guppagupa, taqqataka. Hə, bu “motopila” səsi idi. Yenə ağac kəsirdilər.
Həyətdə qalmış iki sonuncu ağac, hündür, möhtəşəm şam ağcından biri artıq yerdə idi. İkincinin üstündə iş gedirdi.

Bu xırıltı səsi idi…amma hardan gəldiyini bilmirdi. Səsini çıxarıb ağac kəsənə nəsə demək istədi. Ayağına toxunan daş buna imkan vermədi. Az qala yıxılıb qol-qıçını sındıracaqdı.

əyilib ayağına toxunan daşa baxanda dəhşətə gəldi… ölü qarğaları, ətrafa tökülmüş ölü qarğaları sanki indicə gördü. Əyilib onlardan bir –ikisini yerdən götürdü.

Dünən havada cövlan edən, səhər səslərini dəyişən qarğalar artıq daşa dönmüşdü.

Qəfil səhərki xırıltı səsini xatırladı.

Və bu qəfil tapıntı ona ötən ildən bu yana axtardığı başqa bir sirrin qapısını açdı.

İndi bildi, indi bildi qarğaları ona bağlayan nə idi… Yurdsuzluq!..

Qarğalar da onun kimi yurdsuz idi…

Yorum bırakın

Filed under HEKAYƏLIR

OYUNCAQ

Bapbalaca, darısqal, alaqaranlıq, səssiz oda….
Yox səssiz deyildi axı. Burada demək olar ki, istənilən canlının səsini eşitmək mümkün idi. Ancaq onun daha çox körpə səsindən xoşu gəlirdi. Hə körpə səsindən. Bir də uşaqların sevincindən. Evdəkilərindən ən çox sevdiyi isə bu balaca toppuş idi. Toppuş, şirin idi elə şirin, ayyy…

Hər gün getdiyi dayanacağa gedirdi. Hər gün getdiyi kimi tələsmədən, yavaş – yavaş. Bir azdan dayanacağa çatacaq, hər gün mindiyi “99” saylı marşrutu gözləyəcəkdi. “99” onu gündəlik iş yerinə aparacaqdı. Amma səhər durandan bir hiss ona bu günün ötürdüyü o biri hər günlərdən…
O, bu balaca toppuşu çox sevirdi… çox…lap çox…
Hələ bu faytondakı şlyapalı xanım. Amma doğrusu o bu xanımın şlyapasını hər gün…
Göbələk yığan, qolundan səbət asmış bu qızcığaz… yağışdan deyil gündən qorunmaq üçün əlində çətir tutmuş bu forslu, çətirli xanım… şirin almalar, zərif çiçəklər… balaca qumrular… yumşaq dovşanlar…
Elə bil onu irəlidə hansısa böyük, doğulandan bəri axtardığı bir səadət gözləyirdi. Canında həmişəlik yer eləmiş kədər də sanki, yüngülləşmişdi. Bəlkə də bu gün ki, payız havasının yüngüllüyü ona sirayət edirdi…
Ac idi ac. Qarışıq fikirlərin içində aclığını lap dəqiqliyi ilə hiss etmirdi.
Bu səhərki payız çiskininin islatdığı yol ayaqlarına xüsusi sərinlik verirdi. Amma ləzzət eləmirdi. Payızın doğma çiskini onun ayaqları ilə yanaşı gözlərini də islatmışdı…
Dumanlı dağlara, dağların döşündəki otluğa, bu otluğa səpələnmiş, qoyun, quzuya, otluğu isladan şehin canına yaydığı şirin sərinliyə, o sərinliyi yaradan payız səhərinə, o payız səhərinin səssizliyini pozan qoyun quzu mələşməsinə, səhər yuxudan durub qaynaşan kənd camaatına, o camaatın həyətindən qalxan samovar tüstüsünə, o tüstünün uzaq illərin arxasından gətirdiyi qoxuya…
”99” gəlmirdi. Ancaq onu gəlməsini istəsə də səbirsizliklə gözləmirdi. Çünki hər gün konduktor onu cinləndrirdi. Adamlar da elə avtobus da ona bayırdakı kimi ikrahla baxırdılar. Bilirdi ki, heç kimə gərək…
Bu qayıtmanın real olmadığını bilsə də, indicə hisslərinin tapıb soxulduğu uşaqlığından dönmək istəmirdi. Var qüvvəsi ilə ötən günlərdən yapışıb qalmaq istəyirdi. Bilmirdi uşaqlığındakı hansı xatirədən yapışsın ki, onun həyatını bugünki cəhənnəmdən xilas etsin. Bir əlində tum dolu bağlama, bir əlində balaca taburetka hər gün getdiyi yerə – “Yeganə” şadlıq sarayının qabağındakı səkiyə tələsirdi. Özündən xəbərsiz idi bu tələsmə. O uşaqlığına tələsirdi, yollar isə onu gündəlik iş yerinə…
Axşam tez gəlsəydi yenə doyunca Toppuşu oynadardı. Ehh, Toppuş da dil bilmir ki, elə bil tutuquşudu, bir iki söz əzbərləyib, ba-ba, a-na. Evdə artıq oturmağa da yer qalmamışdı. Dopdoluydu. Hərəsi bir oyun çıxarırdı, hərəsi bir səs çıxarırdı…
Qəfil yoldakı zibil təpəciyinə, təpəciyin lap üstünə tolazlanmış uşaq velosipedinə gözü sataşdı. Özündən xəbərsiz oyuncağı qaldırıb o tərəf, bu tərəfinə baxdı. Heç vaxt belə irisini almağa gücü çatmamışdı. Oyuncaq o qədər maraqlı idi ki, nə ətrafa yayılan üfunət, nə də bu uşaq oyuncağına yapışan zibillər onu qətiyyən narahat etmədi. Oyuncaq əyilmiş oxun üstündə bircə təkərdən ibarət idi. Sındırılmış və ya nə isə olmuş başqa təkərlərin yeri də qalmamışdı. Amma bu oyuncaq çox maraqlı idi. Oyuncağı evinə aparmağı fikirləşirdi. Yoldan gedən maşınlar, marşrutlar yoldakı çirkli suyu sürətlə ətrafa çırpırdılar. Yadına düşürdü…
Həyətlərindəki arxdan bağa su açmışdı. Bağ suvarırdı. İlk dəfə idi belə böyük iş gördüyü. Ərik ağacından meyvələri yığıb yedikcə qarışqaların da onun ayağını yediyindən xəbəri olmamışdı. Qəfil bütün ayağının sarı, xırda qarışqa ilə suvandığını görsə də özünü o yerə qoymamışdı. Elə kişilənirdi ki…
Küçədəki çirkli suyu maşınlar bütün ətrafa çırpırdı.
Bu çırpılmada ən çox batan da o idi. İşə tələsən, marşrutu gecikən, səhər açılan kimi işi tərs gətirənlər, sabahını unudanlar hamısı səbəbkar kimi bu kişiyə elə acıqla, elə nifrətlə baxırdılar…
Ancaq hər şeydən çox sevdiyi balacaları sevindirmək, hər zaman ona qismət olmurdu. Bəzən uşaqlar ondan tum almaq istəsələr də anasının və ya atasının sərt baxışından, “yox” kəlməsindən dolanda özünə yer tapmırdı.
Bəzən uşaqlar tum alıb pulunu verməmiş qaçırdırlar. O zaman özünü ciddi tutsa da balacaların gülüşə-gülüşə, qışqıra-qışqıra qaçışmasını ləzzətlə seyr edərdi. Həmən an fikri evdəkilərin yanına gedərdi…
Hava qaralmışdı. Yolun kənarında yığılan adamlar, polislər və başqaları yolu tutmuşdular. Ətrafdakılar “yəqin ki, maşın adam vurub” deyir və rahatca ötürdülər. Bir az aralıda isə polislər “99”u saxlamışdılar.
O, isə… Yaşıl otların üstündə rahatca uzanmışdı. Ətrafa səpələnmiş qoyunlar mələyirdi, həyətlərdə samovar tüstüləyirdi…
Evini dolduran oyuncaqları uşaqlar həvəslə daşıyırdılar. Balaca Toppuşu sevinclə qucaqlayan sarışın qıvrımsaç qız isə anasına qışqırırdı: “A-na, bu mə-nə ox-sa-yıl”.Uşaqlar elə sevinirdilər, elə sevinirdilər ki…

Yorum bırakın

Filed under HEKAYƏLIR